Millimizin sabiq baş məşqçisi Fernandu Santuşun yeni iş yeri bəlli olmaq üzrədi. 71 yaşlı portuqaliyalı mütəxəssis yenidən yığma komanda səviyyəsində çalışmağa yaxındır.
“Kooora” nəşrinin yaydığı məlumata görə, Qana Futbol Assosiasiyası təcrübəli mütəxəssisin xidmətində ciddi maraqlıdır. Santuş hazırda Qana yığmasının baş məşqçisi postuna əsas üç namizəddən biri hesab olunur. Maraqlıdır ki, siyahıdakı digər iki namizəd də onun həmyerliləri – Karluş Keyruşla Paulu Bentudur.
Qana millisi qarşıdakı DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. “Qara ulduzlar” dünya çempionatının qrup mərhələsində kifayət qədər çətin rəqiblərlə qarşılaşacaqlar. L qrupunda yer alan qanalıların rəqibi İngiltərə, Xorvatiya və Panama olacaq.
Xatırladaq ki, Fernandu Santuşun son iş yeri Azərbaycan milli komandası olub. Lakin nəticələr qənaətbəxş olmadığı üçün AFFA ötən ilin sentyabrında portuqaliyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl ləğv etmişdi. Həmin tarixdən bəri Santuş işsizdir.
Ekspertlər hesab edir ki, Santuşun böyük turnirlərdəki (Avro-2016 çempionluğu daxil olmaqla) zəngin təcrübəsi Qana üçün həlledici faktor ola bilər.