İspaniyada hakim qərarları ilə bağlı mübahisələr həmişə olduğu kimi aktual olaraq qalır. “Barselona”nın liderlərindən biri Erik Qarsiya, mövsümün sonunda kataloniyalılara baha başa gələ biləcək hakim idarəçiliyi barədə yenidən sərt danışıb.
“Mundo Deportivo”nun yaydığı məlumata görə, Qarsiya mövcud vəziyyəti belə şərh edib: “Futbolçuların nəzarətində olmayan vəziyyətlər var. Hazırda bizə elə gəlir ki, hakimlər istənilən qolumuzu ləğv edə bilərlər. Əgər ləğv etmək istəsələr, bunu edəcəklər. Bu oyunlar hamımızı məyus etdi, indi toparlanmaq və hər şeyə yenidən başlamaq vaxtıdır. Bilirik ki, bənzər qərarlar gələcəkdə bizim xeyrimizə də verilə bilər, lakin biz diqqətimizi oyuna cəmləməliyik. “Atletiko” ilə matçda ikinci hissənin ilk beş dəqiqəsində çox yaxşı şanslar yaxaladıq. Qol vurduq, lakin ofsayd səbəbindən qolun ləğv edilməsi düz yeddi dəqiqə çəkdi. Hesab edirəm ki, bu, tam bir dəlilikdir”.
Xatırladaq ki, İspaniya kubokunun ilk yarımfinal görüşündə “Barselona” “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub. Həmin qarşılaşmada Erik Qarsiya həm də meydandan qovulub. Flikin yetirmələri bu ağır məğlubiyyətin əvəzini çıxmaq üçün martın 3-də “Kamp Nou”da baş tutacaq cavab oyununda möcüzəyə imza atmağa çalışacaqlar.