Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 23 yaşadək kişi və qadın boksçuların Avropa çempionatında ölkəmizi 11 idmançı təmsil edəcək. 7 gün davam edəcək qitə birinciliyində kişilərin yarışında Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Tağı Nəsibov (60 kiloqram), Əli Abdullayev (65 kiloqram), Nicat Əlirzayev (70 kiloqram), Fərhad Şeydayev (75 kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) mübarizə aparacaq.
Qadınların yarışında isə rinqə Lalə Mədətova (48 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) və Fatimə Mehdiyevaya (65 kiloqram) çıxacaq.
Turnirdə hakimlər arasında beynəlxalq dərəcəli referimiz Qalib Əbiyev də yer alacaq. Qeyd edək ki, bu gün Macarıstana yollanan millimiz noyabrın 30-da evə dönəcəklər.