Mark Pubilin əli İştvan Kovaçın karyerasını təhlükəyə atır
Çempionlar Liqasının “Barselona” və “Atletiko” (0:2) arasında baş tutan 1/4 final mərhələsinin əks-sədası hələ də davam edir. Futbol ictimaiyyətinin diqqət mərkəzində isə oyunun 54-cü dəqiqəsində baş vermiş mübahisəli epizod var.
“Atletiko”nun qapıçısı Xuan Musso topu oyuna daxil etdikdən sonra, müdafiəçi Mark Pubil gözlənilmədən cərimə meydançası daxilində topu əli ilə saxlayıb. Görüşün baş hakimi İştvan Kovaç topun hələ oyuna daxil olmadığını əsas gətirərək qayda pozuntusu qeydə almayıb. VAR hakimi Kristian Dinqert də prosesə müdaxilə etməyib. Bu qərar həm meydanda, həm də mətbuatda böyük rezonans doğurub.
İspaniyanın nüfuzlu Mundo Deportivo nəşrinin sorğu-sual etdiyi (adları gizli saxlanılan) hakimlik ekspertləri epizodu birmənalı qiymətləndiriblər: “Bu vəziyyətdə qayda pozuntusu qeydə alınmalı və penalti təyin edilməli idi. Lakin müdafiəçiyə sarı vərəqə göstərilməsinə ehtiyac yox idi”.
Mənbə qeyd edir ki, Kovaç bu anı “şərhlərə açıq” (interpretasiya edilə bilən) epizod kimi dəyərləndirdiyi üçün VAR otağı müdaxilə etməməyi üstün tutub.
Futbol tarixində analoji hadisələr müxtəlif nəticələrlə yadda qalıb:
“Brügge” – “Aston Villa” (Noyabr, 2024). Müdafiəçinin bənzər hərəkətinə görə VAR müdaxilə etdi və penalti təyin olundu.
Argentina millisinin oyunu. Bir neçə il əvvəl bənzər epizod penalti ilə nəticələnmişdi.“Arsenal” – “Bavariya”. Eyni situasiyada hakim penalti təyin etməməyə qərar vermişdi.
Bu fərqli yanaşmalar futbol qaydalarının tətbiqindəki vahid standartın yoxluğunu bir daha gündəmə gətirdi.
Kovaçın bu oyundakı yeganə səhvi sözügedən epizod deyil. O, Pau Kubarsinin Culiano Simeoneyə qarşı kobudluğuna görə əvvəlcə sarı vərəqə göstərsə də, yalnız VAR-ın müdaxiləsindən sonra qərarını qırmızı vərəqə ilə əvəzləsi.
Rumıniyalı referi UEFA-nın 2026-cı il Dünya Çempionatı üçün namizəd hakimləri siyahısında yer alır. Lakin belə yüksək səviyyəli matçlarda verilən ziddiyyətli qərarlar onun beynəlxalq karyerasına və turnirdəki gələcək təyinatlarına ciddi təsir göstərə bilər.