“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 22-ci turunda “Neftçi” ilə heç-heçə (2:2) başa çatan oyunsonrası mətbuat konfransında həm qarşılaşmanı dəyərləndirib, həm də Peşəkar Futbol Liqasının (PFL) onun ünvanına səsləndirdiyi tənqidlərə kəskin reaksiya verib.
Görüşün azarkeşlər üçün maraqlı keçdiyini deyən baş məşqçi komandasının performansından razı qaldığını bildirib: “Neftçi” kimi güclü rəqiblə oyunda xal qazanmaq müsbət nəticədir. Hesab edirəm ki, bu gün bir xala layiq idik. Oyunun müəyyən anlarında üstünlük bizdə olsa da, bəzi dəqiqələrdə rəqib təzyiqi artırdı”.
Abbasov ölkə kubokunun “İmişli” ilə Qubada keçirilən oyundakı stadionun qapıları ilə bağlı tənqidlərinə PFL-in verdiyi reaksiyadan təəccübləndiyini gizlətməyib:
İkili standart iddiası: “Təəssüf edirəm ki, PFL mənə belə bir cavab verdi. Məndən əvvəl digər məşqçilər həmin meydança haqqında daha sərt danışsalar da, heç bir reaksiya verilməmişdi. Mənim fikirlərimin qeyri-etik olduğu deyilir. Amma burada qeyri-etik nə var, bilmirəm”.
Standartdan kənar qapılar: “İmişli” ilə oyunda top iki dəfə dirəkdən döndü. Qapıçımız da qapı hündürlüyünün standartlara uyğun olmadığını, fərqlilik hiss etdiyini dedi”.
Gülünc həll yolu: “İkinci hissədə problemi qapının altına 12 sm hündürlüyündə torpaq tökməklə ‘həll etdilər’. Belə şey olar? Biz hara gedirik?”
Baş məşqçi infrastruktur problemlərinin futbolçuların sağlamlığına da təsir etdiyini xatırladıb. O, Bahlul Mustafazadənin də məhz həmin arenada zədələndiyini qeyd edərək əlavə edib: “Arqumentlər çoxdur. Orada qonaq olan bütün komandalar qapılardan şikayət edib. Mən təkcə öz komandama görə yox, ümumi futbolumuz üçün danışıram: meydançalar yenilənməli, işıqlandırma sistemləri qurulmalıdır”.Sonda Ayxan Abbasov PFL rəhbərliyinə sual ünvanlayaraq, etik normaları konkret olaraq harada pozduğunu və digər məşqçilərin bənzər çıxışlarının niyə diqqətdən kənarda qaldığını soruşub.