Avropa kuboklarına qatılan dörd Azərbaycan komandasından üçü yola davam edir. “Qarabağ” gözlənildiyi kimi özündən zəif İrlandiya komandası “Şelburn”u hər iki oyunda məğlub edərək Çempionlar Liqasında üçüncü təsnifat mərhələsində keçdi. Şərti ağdamlıların gücünü bu mərhələdə qiymətləndirmək bir az çətindir. O mənada ki, irlandlar Qurban Qurbanovun komandası ümün ciddi sədd sayılmırdı. Növbəti mərhələdə də “Qarabağ”ın bəxti gətirib desək, yanılmarıq. Şimali Makedoniya “Şkendiya”sı “bakılı ağdamlılara” mane olacaq gücdə deyil.
Konfrans Liqasında çıxış edən “Sabah” barədə də eyni fikri söyləmək olar. Moldovanın “Ptrokub”unu asanlıqla keçən Bakı komandasını üçüncü mərhələdə çətin Bolqarıstan səfəri gözləyir. “Levski” kifayət qədər təcrübəli komandadır. Start heyətində bir azərbaycanlı belə buraxmayan futbolumuzun “Sabah”ı “Petrokub”la cavab oyununda bizə ötənlərin məşhur xeyriyyə matçlarını xatırlatdı. Komanda dünyanın 11 ölkəsindən 11 futbolçu ilə meydana çıxmaqla rahatca “Dünya yığması” adını qazana bilər. Görək “Levski” ilə oyunda bu çoxmillətli təmsilçimiz hansı nəticəyə nail olacaq.
“Zirə”nin bəxti püşkatmada gətirmədi. Xorvatiyanın “Xayduk” komandası digər klublarımızın rəqibləri ilə müqayisədə daha güclü idi. Amma bu məğlubiyyət üçün bəhanə deyil. Hər iki oyun göstərdi ki, yaxşı nəticə əldə etmək olar. Ümumiyytlə, bu gün Azərbaycan klub futboluna verilən imkanlar bizim Şərqi Avropa və Balkan klublarını keçməyimizə əsas verir. “Zirə”nin başməşqçisi Rəşad Sadıqova isə klub rəhbərliyi kifayət qədər kart-blanş verib. Odur ki, oyunsonrası mətbuat konfransında özünü qalib saydığını deyən Sadıqov bütün hallarda məğlubdur.
Ən xoş təəccübləndirən isə “Araz-Naxçıvan” oldu. İlk dəfə Avropa kuboklarında çıxış edən və ötən mövsüm Premyer-liqada o qədər də güclü təsir bağışlamayan, müəyyən şans və şərtlər altında üçüncü olmağı bacaran Naxçıvan komandasından gözləntilər o qədər də yüksək deyildi. Debüt ilində “Araz” ilk mərhələdəcə turniri tərk etsə belə onlara kəm baxmaq haqsızlıq olardı. Unutmayaq ki, Yunanıstanın “Aris” klubu da sən deyən zəif komanda deyildi. Hətta bir çox komponentlərdə – təcrübə, heyət və maliyyə – bizim təmsilçini üstələyirdi. Bununla belə Elmar Baxşıyevin komandası hər iki oyunda gözləniləndən daha yüksək və keyfiyyətli oyun göstərrək tarixi qələbə əldə etdi. Görünür, klub rəhbərliyi yay fasiləsində çox uğurlu və düzgün strategiyası olan iş görə bilib. Naxçıvanlıları növbəti mərhələdə Kiprin “Omoniya” klubu gözləyir. Bu komanda da təcrübəli və yaxşı heyətə malikdir. Amma Baxşıyev baş məşqçi kimi artıq bizi təəcübləndirməyi bacarıb və “Aris”lə oyunda göstərdi ki, taktika və strategiya baxımından böyük potensiala malikdir.