Albaniyanın paytaxtı Tiranada görkəmli idman xadimi Məhəmməd Malonun xatirəsinə həsr olunmuş reytinq xarakterli beynəlxalq turnir davam edir. Yarışın növbəti günündə sərbəst güləş üzrə yığmamızın daha üç üzvü xalça üzərinə çıxıb.
79 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəbrayıl Hacıyev turnirə 1/4 finaldan start verib. İlk görüşündə iranlı Məhəmməd Noxodilarimi ilə qarşılaşan güləşçimiz məğlub olsa da, rəqibinin finala yüksəlməsi Hacıyev üçün təsəlliverici görüşlərə yol açıb. Bürünc medal yolunda əvvəlcə gürcüstanlı Tariel Qaprindaşvilini üstələyən Cəbrayıl, həlledici qarşılaşmada Hindistan təmsilçisi Saqar Jaqlanı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
97 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionatlarının mükafatçısı Maqomedxan Maqomedov yarışa inamlı başlayıb. O, 1/8 finalda türkiyəli Rifat Eren Gidaka, 1/4 finalda isə ABŞ idmançısı Conatan Ayelloya qalib gəlib. Lakin yarımfinalda Məhəmməd Xanıyevlə (UWW) qarşılaşan təmsilçimiz məğlubiyyətlə barışıb. Maqomedxan növbəti mərhələdə bürünc medal uğrunda mübarizə aparacaq.
Təəssüf ki, 125 kq çəkidə çıxış edən Giorgi Meşvildişvili üçün turnir uğurlu alınmayıb. O, startda türkmənistanlı Ziyaməhəmməd Saparovu məğlub etsə də, növbəti mərhələdə ABŞ-lı Uayt Hendriksona uduzub. Hendrikson finala yüksələ bilmədiyi üçün Meşvildişvili yarışı medalsız başa vurub.
Hazırda Azərbaycanın aktivində 4 medal var: Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq), Cəbrayıl Hacıyev (79 kq) və Arseni Cioyev (86 kq) isə bürünc medal qazanıblar.