AFFA İntizam Komitəsinin növbəti iclasında I və II Liqalarda qeydə alınan qayda pozuntularına qiymət verilib. 21-ci turun nəticələrinə əsasən, klublara ümumilikdə 3800 manatdan artıq cərimə kəsilib.
I liqa təmsilçiləri turun nəticələrinə görə ümumilikdə 2760 manat məbləğində cərimələnib. Bu məbləğin böyük hissəsi “Səbail” klubunun payına düşüb – 2400 manat. Buna səbəb “Şəfa” ilə keçirilən qarşılaşmada “dənizçilər”in tərcüməçisinin rəqibə və azarkeşlərə qarşı qeyri-etik jestlər nümayiş etdirməsi olub. İntizam Komitəsi bu hərəkəti idman etikasına zidd hesab edərək klubu ciddi şəkildə cəzalandırıb.
II liqada tətbiq edilən cərimələrin ümumi məbləği 1050 manat təşkil edib. Burada ən böyük sanksiya “Şirvan” klubuna qarşı tətbiq olunub (500 manat). Belə ki, komandanın azarkeşləri oyun zamanı pirotexniki vasitələrdən istifadə ediblər. Bu hal mövsüm ərzində ikinci dəfə təkrarlandığı üçün komitə maliyyə sanksiyasını artırıb.