Vensan Abubakar ötən turda meydanda olduğu qısa müddətdə bir qol və bir məhsuldar ötürmə ilə “Qəbələ” üzərində qələbədə əhəmiyyətli rol oynamışdı. Kamerunlu daha sonra kubok oyununda dubl etməklə MOİK üzərində qələbədə öz sözünü dedi. Bu dəfə “Kəpəz”lə oyunun ilk yarısında forvard daha bir qol vuraraq “Neftçi”nin bu oyundan da 3 xalla ayrılacağı anonsunu verdi. Bununla da cəmi 2 oyuna Abubakar bombardirlər yarışında iddialılar qrupuna daxil oldu. Bu faktın özü çempionatımızın və orada iştirak edən oyunçuların səviyyəsinin hansı vəziyyətdə olduğundan xəbər verir. Formada olmayan, may ayından bəri oyun praktikasından uzaq olan bir oyunçu heç əziyyət çəkmədən qollarını sıralayır.
“Kəpəz” isə baş məqşçi Azər Bağırovun gəlişindən sonra səfərdə “Şamaxı” üzərində sürpriz qələbədən sonra öz meydanında “İmişli”yə böyük hesabla uduzmuşdu. Bağırovun Gəncə klubunu dirçəldəcəyinə ümidlər olsa da, “Neftçi” ilə oyun da hələlik bunun asan olmayacağını göstərdi.
İkinci hissə də “Neftçi”nin üstünlüyü ilə keçdi və bakılılar çətinlik çəkmədən oyunu qələbə ilə başa vurdular. Sonradan oyuna daxil olan Sambu ikinci yarıda dubl edərək oyunun qəhrəmanı oldu. “Kəpəz” bu qoldan sonra faktiki olaraq təslim oldu və az sonra Varqas fərdi ustalığı sayəsində fərqləndi.
“Neftçi” – “Kəpəz” 5:1
Qollar: E. Mahmudov, 19 – p. V. Abubakar, 23. B. Sambu, 74;; 86. F. Varqas, 90 – S. Şəfiyev, 77.