Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Qəbələ” qarşılaşması meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçrilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdiyev oyunun gedişatını və komandasının turnir cədvəlindəki mövqeyini qiymətləndirib.
Təcrübəli mütəxəssis görüşün gərgin keçdiyini vurğulayaraq, komandasının oyun planındakı dəyişikliklərə diqqət çəkib: “Bizi çox ağır oyun və çətin qələbə gözləyirdi, elə də oldu. Görüşə kifayət qədər yaxşı başladıq. Lakin birinci hissənin ortalarından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissədə isə oyunumuzu yenidən bərpa edə bildik. Hesab fərqini daha da artırmaq üçün imkanlarımız var idi. Hər bir halda, bu, bizim üçün çox vacib qələbədir”.
Turnir cədvəlindəki mövqelərinə toxunan Berdiyev, komandasının üçüncü yer uğrunda mübarizədəki şanslarını hələlik ehtiyatla dəyərləndirib. Jurnalistin “Üçüncü yerin artıq praktiki olaraq təmin olunduğunu demək olar?” sualına baş məşqçinin cavabı qısa və konkret olub: “Xeyr, hələlik bunu demək olmaz”.
Qeyd edək ki, bu qələbədən sonra “Turan Tovuz” avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəsini qətiyyətlə davam etdirir.