“Sabah”la 2:2 oynayan “Zirə”nin baş məqşçisi Rəşad Sadıqov oyundan sonra komandasının əzmkar oyununu vurğuladı:
“Oyun bizim üçün həyəcanlı başladı. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq.Çox məyusedici idi. Sonra 10 dəqiqə rəqib təzyiqini davam etdirdi. Amma sonrakı dəqiqələrdə hücumda fəallaşıb 2 qol vurduq və fasiləyə hesabda öndə çıxdıq. İkinci hissədə duran topdan qol buraxdıq. Bundan sonra oyunçularımız əzmkarlıq göstərdi. Son dəqiqələrdə rəqib təzyiqi artırdı, amma müdafiəmiz etibarlı oynadı. Bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər bir xal dəyətlidir”.
Sadıqov özünün oyunun əvvəlində daha həyəcanlı olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Bu komandayla əvvəlki oyunda 27-ci dəqiqədə hesab 3:0 idi və 15-ci dəqiqədə belə qol buraxanda narahat oldum ki, komanda dağılar. Amma dəqiqələr ötdükcə daha passiv oldum. Çünki, o dəqiqələrdə artıq futbolçular daha yaxşı oynayırdılar və nə edəcəklərini daha yaxşı bilirdilər”.
“Liderlə matçda xal qazanmaqda bir növ “Qarabağ”a da kömək etdiz. Qarşıda isə əsas rəqiblərinizdən biri olan “Neftçi” ilə oyununuz var. Həmin qarşılaşma sizin üçün həlledici ola bilər” sualına Sadıqov belə şərh verib:
“Sabah” bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. “Qarabağ”dan 2, “Sabah”dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. “Şamaxı” ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir etməsin. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda “Neftçi” ilə oynayırıq, 4 gün sonra “Turan Tovuz”la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Həmin matçlara çox yaxşı hazırlaşmalıyıq”.
– Ayron Qomislə İssa Cibrilla meyydandan çıxanda sanki narazı görünürdülər…
– Mən də onları əvəzləmək istəmirdim. İkisi də çox yaxşı idi. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. Yoxsa daha çox oynayacaqdı. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. O da zədədən yeni qayıdıb. Daha çox gələcəyi düşünərək bu addımı atdım.
– Yeni mövsüm üçün izlədiyiniz futbolçular var?
– Xeyr, futbolçu izləmirik. Klub rəhbərliyi ilə görüşdən sonra növbəti mövsüm üçün planlarımız məlum olacaq. Hələ ki bütün fikrimizi çempionata vermişik. Ötən mövsüm 3-4 tur qalmış nəticə bəlli oldu. Buna görə avrokuboklara rahat hazırlaşırdıq, seleksiyanı erkən etməyə başladıq. Bu il hələ tələsmirik.