Konfrans Liqasının (KL) 1/4 final mərhələsinin ilk oyunlarına Arda Turanın çalışdırdığı “Şaxtyor” (Donetsk) damğa vurdu. Krakovda keçirilən matçda Niderlandın “Alkmaar” klubunu darmadağın edən Ukrayna təmsilçisi yarımfinal yolunda çox inamlı addım atıb. Eyni zamanda, “Rayo Valyekano” və “Kristal Pelas” böyükhesablı qələbələr qazanaraq rəqiblərini çətin vəziyyətə saldılar.
Gecənin oyuları KL-də ev sahibi amilinin və matçın ikinci hissəsində edilən taktiki dəyişikliklərin həlledici rol oynadığını bir daha göstərdi. Xüsusilə “Şaxtyor”un oyunun son 20 dəqiqəsindəki performansı Arda Turanın rəqibin müdafiəsindəki zəif nöqtələri necə düzgün analiz etdiyini sübuta yetirdi. “Alkmaar” kimi intizamlı bir komandanın bu cür dağılması isə gecənin əsas gözlənilməz hadisəsi idi.
Digər tərəfdən, ciddi heyət itkiləri ilə üzləşən “Maynts”ın “Strasburq”un məğlubiyyətsizlik seriyasına son qoyması günün ən iradəli və xarakterli nəticəsi kimi yadda qaldı.
“Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan) 3:0
Axomaş, 2; Unai Lopes, 45+2; İsi Palason, 74 (pen.)
“Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya) 3:0
Mateta, 24 (pen.); Mitçell, 31; Sarr, 90+1
“Şaxtyor” (Ukrayna) – “Alkmaar” (Niderland) 3:0
Viktor, 72; Alisson, 81, 83
“Maynts” (Almaniya) – “Strasburq” (Fransa) 2:0
Sano, 11; Poş, 19
Cavab oyunları aprelin 16-da keçiriləcək